Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində müəllim kimi işləmək istəyən şəxslərin qarşılaşdığı əsas müsabiqələrdən biri MİQ — Müəllimlərin İşə Qəbulu üzrə müsabiqədir. Bu müsabiqə namizədin fənn bilikləri ilə yanaşı tədris metodikası, təlim strategiyaları, peşəkar kompetensiyaları, psixoloji hazırlığı və müəllimlik fəaliyyətinə uyğunluğunu da qiymətləndirir.
"Hesabla.com" olaraq Bu məqalədə MİQ-in nə olduğunu, kimlərin müsabiqədə iştirak edə biləcəyini, imtahanın strukturunu, MİQ balının necə hesablandığını, keçid balının neçə olduğunu, vakansiya seçiminin necə aparıldığını, müsahibə mərhələsində nələrin yoxlanıldığını və MİQ hazırlığında hansı məsələlərə diqqət etməli olduğunuzu ətraflı izah edəcəyik.
# MİQ müsabiqəsi neçə mərhələdən ibarətdir?
Müəllimlərin işə qəbulu üzrə müsabiqə dörd əsas mərhələdən ibarətdir:
1. Elektron ərizədəki göstəricilər yoxlanılır.
2. Namizəd test imtahanında iştirak edir.
3. Minimum tələbi ödəyən namizəd vakant yerləri seçir.
4. Vakansiya tutmaq hüququ qazanan namizəd müsahibəyə çağırılır.
# MİQ imtahanının strukturu necədir?
İmtahan 100 ballıq sistemlə qiymətləndirilir və namizədə ümumilikte 60 sual təqdim olunur. Bu suallar arasından 40 sual ixtisas üzrə müəyyənləşdirilib, digər 20 sual isə Tədris meatodikası və Təlim strategiyaları üzrə təqdim olunur. Burada İxtisas üzrə suallar ümumilikte 80 bal olaraq müəyyənləşdirilərkən, Metodika isə maksimum 20 bal olaraq müəyyənləşdirilib. Namizədə bu 60 sual üçün 150 dəqiqə təqdim olunur, bunun mənası hər suala 2 dəqiqə 30 saniyə vaxt ayırabilər.
# MİQ müsahibəsi necə keçirilir?
Vakansiya tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibə yalnız fənn suallarından ibarət olmaya bilər. Namizədə real məktəb və sinif situasiyaları təqdim edilə bilər. Namizəd cavablarında pedaqoji etika, şagirdyönümlü yanaşma, təhlükəsiz təlim mühiti və peşəkar davranış nümayiş etdirməlidir.
Müsahibə zamanı namizədin qarşılaşacağı bəzi qiymətləndirmələr:
- Psixoloji hazırlığı
- Ümumi dünyagörüşü
- Müəllimlik peşəsinə yanaşması
- Ünsiyyət bacarıqları
- Fikrini aydın ifadə etmək bacarığı
* Dərsdə iştirak etməyən şagirdə necə yanaşarsınız?
* Sinifdə münaqişəni necə idarə edərsiniz?
* Müxtəlif səviyyəli şagirdlər üçün dərsi necə təşkil edərsiniz?
* Valideynlə fikir ayrılığı yarandıqda nə edərsiniz?
* Şagirdin qiymətləndirilməsində obyektivliyi necə təmin edərsiniz?
* İnklüziv sinifdə dərsi necə planlaşdırarsınız?
* Dərsin sonunda təlim nəticəsini necə yoxlayarsınız?
# MİQ imtahan balı necə hesablanır?
MİQ imtahanının balını hesablamaq üçün iki bölmənin nəticəsi ayrıca hesablanmalıdır.
- İxtisas balının hesablanması
İxtisas bölməsində hər düzgün cavab 2, hər səhv cavab isə −0,5 baldır.
Formula belədir: İxtisas balı = (düzgün cavab sayı × 2) − (səhv cavab sayı × 0,5)
- Metodika balının hesablanması
Metodika və təlim strategiyaları bölməsində hər düzgün cavab 1, hər səhv cavab isə −0,25 baldır.
Formula belədir: Metodika balı = (düzgün cavab sayı × 1) − (səhv cavab sayı × 0,25)
- Ümumi MİQ balının hesablanması
Ümumi MİQ balı = ixtisas balı + metodika balı
# MİQ balının hesablanmasına nümunə
İxtisas - 30 Düzgün, 8 Səhv və 2 Boş
Metodika - 14 Düzgün, 4 Səhv və 2 Boş
İxtisas = (30 × 2) − (8 × 0,5) = 60 − 4 = 56 bal
Metodika = (14 × 1) − (4 × 0,25) = 14 − 1 = 13 bal
Ümumi nəticə: 56 + 13 = 69 bal
# Müddətsiz və müddətli müqavilə arasında fərq nədir?
MİQ nəticəsinə əsasən işə qəbul zamanı əmək müqaviləsi müddətsiz və ya müddətli ola bilər.
- Müddətsiz əmək müqaviləsi, Müəyyən bitmə tarixi olmayan daimi iş münasibətidir.
- Müddətli əmək müqaviləsi, Müəyyən dövr və ya ehtiyac üçün bağlanan müqavilədir.
Hazırkı qaydalara əsasən müəllimlərin müddətsiz əmək müqaviləsi ilə işə qəbulu əsas tur çərçivəsində həyata keçirilir. Əsas turdan sonrakı turlarda və tədris ili ərzində yeni yaranan vakant yerlərə işə qəbul isə müddətli müqavilə ilə aparılır.
# "Hesabla.com" oalraq MİQ imtahanına hazırlaşanlar üçün tövsiyələrimiz
MİQ hazırlığında ilk addım dərhal çoxsaylı testlər həll etmək deyil. Namizəd əvvəlcə imtahan proqramını və hazırkı səviyyəsini müəyyən etməlidir. Sizin üçün tövsiyə etdiyimiz hazırlıq planı:
1. Müraciət edəcəyiniz ixtisası dəqiqləşdirin
2. Rəsmi qiymətləndirmə çərçivəsini əldə edin
3. Fənn proqramını mövzular üzrə bölün
4. Diaqnostik sınaq imtahanı həll edin
5. İxtisas və metodika nəticələrini ayrıca analiz edin
6. Zəif mövzuların siyahısını hazırlayın
7. Həftəlik hazırlıq planı qurun
8. Səhv dəftəri yaradın
9. Vaxtla test həll etməyə başlayın
10. Tam 150 dəqiqəlik sınaqlar edin
11. Vakansiya strategiyasını əvvəlcədən düşünün
12. Testdən sonra müsahibəyə hazırlaşın
Ancaq, bu imtahanda uğurlu olmaq sadəcə düzgün qurulmuş planlı sistem ilə yox, eyni zamanda imtahan zamanı ən çox edilən səhvləri etməməkdir. Bu səhvlərə biz "Yalnız ixtisasa hazırlaşmaq", "Yalnız keçid balını hədəfləmək", "Köhnə imtahan formatına hazırlaşmaq", "Metodikanı əzbərləmək", "Səhv dəftəri saxlamamaq" və "Müsahibəyə hazırlaşmamaq" kimi səhvləri qeyd edəbilərik. 
# Tez-tez verilən suallar
- MİQ nədir?
MİQ — Müəllimlərin İşə Qəbulu deməkdir. Dövlət ümumi təhsil müəssisələrində mövcud müəllim vakansiyalarının tutulması üçün keçirilən mərkəzləşdirilmiş müsabiqədir.
- MİQ neçə mərhələdən ibarətdir?
MİQ dörd mərhələdən ibarətdir: elektron ərizələrin yoxlanılması, test imtahanı, vakansiya seçimi və müsahibə.
- MİQ-də neçə sual olur?
Hazırkı formatda ümumilikdə 60 sual olur. Bunlardan 40-ı ixtisas, 20-si tədris metodikası və təlim strategiyaları üzrədir.
- MİQ imtahanı neçə dəqiqədir?
Test tapşırıqlarının cavablandırılması üçün 150 dəqiqə vaxt ayrılır.
- MİQ maksimum neçə baldır?
MİQ imtahanında maksimum 100 bal toplamaq mümkündür. İxtisas bölməsi maksimum 80, metodika bölməsi maksimum 20 baldır.
- İxtisas sualları neçə balla qiymətləndirilir?
İxtisas üzrə hər düzgün cavab 2 balla qiymətləndirilir. Hər səhv cavaba görə 0,5 bal çıxılır.
- Metodika sualları neçə balla qiymətləndirilir?
Metodika və təlim strategiyaları üzrə hər düzgün cavab 1 baldır. Hər səhv cavaba görə 0,25 bal çıxılır.
- MİQ-də 4 səhv 1 doğrunu silirmi?
Bəli. Hər bölmə daxilində 4 səhv cavab 1 düzgün cavabdan əldə edilən balı silir.
- Boş cavab bal aparırmı?
Boş cavaba görə bal çıxılmır. Lakin namizəd həmin sualdan bal da qazanmır.
- MİQ balı necə hesablanır?
İxtisas balı düzgün cavabların 2-yə vurulması və səhv cavabların 0,5-ə vurularaq çıxılması ilə hesablanır. Metodika balı düzgün cavabların sayından səhv cavabların 0,25-ə vurulmuş nəticəsinin çıxılması ilə müəyyən edilir. Daha sonra hər iki bal toplanır.
- MİQ keçid balı neçədir?
Namizəd ixtisas üzrə minimum 34, metodika üzrə minimum 6 və ümumilikdə minimum 40 bal toplamalıdır.
- Ümumi 40 bal toplamaq kifayətdirmi?
Xeyr. Namizəd eyni zamanda ixtisas üzrə 34 və metodika üzrə 6 bal minimumunu ödəməlidir.
- 40 bal toplayan namizəd işə qəbul olunurmu?
40 bal vakansiya seçiminə buraxılmaq üçün minimum tələbdir. İşə qəbul vakansiya sayı, digər namizədlərin balları, seçim ardıcıllığı və müsahibə nəticəsindən asılıdır.
- Yaxşı MİQ balı neçədir?
Universal yaxşı bal yoxdur. Ümumi olaraq 65 və daha yüksək nəticə yaxşı, 80 və daha yüksək nəticə güclü sayıla bilər. Lakin faktiki işə qəbul balı fənnə və vakansiyaya görə dəyişir.
- MİQ nəticəsi neçə il qüvvədədir?
MİQ test nəticəsi yalnız həmin tədris ili üçün qüvvədədir.
- Bir namizəd neçə vakansiya seçə bilər?
Keçid tələbini ödəyən namizəd maksimum 8 vakant yer seçə bilər.
- Vakansiya seçimi necə aparılır?
Namizəd vakansiyaları üstünlük sırası ilə qeyd edir. Yerləşdirmə bal və seçim ardıcıllığı nəzərə alınmaqla aparılır.
- MİQ-dən sonra müsahibə varmı?
Bəli. Vakansiya tutmaq hüququ qazanan namizədlər müsahibəyə çağırılırlar.
- Müsahibədə nə yoxlanılır?
Namizədin peşəkar kompetensiyaları, psixoloji hazırlığı, ümumi dünyagörüşü, kommunikasiya və pedaqoji situasiyalara yanaşması qiymətləndirilir.
- Müsahibədən keçməyən namizəd müəllim işləyə bilərmi?
Həmin vakansiya üzrə xeyr. Yekun işə qəbul üçün müsahibə nəticəsi məqbul olmalıdır.
- Xarici diplomla MİQ-də iştirak etmək mümkündürmü?
Bəli. Lakin xaricdə alınmış təhsil sənədi Azərbaycanda rəsmi şəkildə tanınmalıdır.
- Orta ixtisas təhsili ilə MİQ-də iştirak etmək olar?
Uyğun pedaqoji ixtisas üzrə orta ixtisas təhsili və dövlət nümunəli diplom olduqda iştirak mümkün ola bilər.
- MİQ və sertifikatlaşdırma eynidirmi?
Xeyr. MİQ dövlət məktəbinə yeni müəllimlərin işə qəbuluna, sertifikatlaşdırma isə artıq işləyən müəllimlərin peşəkar səviyyəsinin qiymətləndirilməsinə xidmət edir.
- MİQ balı müəllimin maaşını müəyyən edirmi?
Birbaşa olaraq yox. MİQ balı əsasən işə qəbul və vakansiya üzrə sıralanma üçün istifadə edilir. Əməkhaqqı dərs yükü, staj, sertifikatlaşdırma nəticəsi və digər amillərlə müəyyənləşir.
- Əsas turdan sonra işə qəbul mümkündürmü?
Bəli. Əsas turdan sonra tutulmayan və ya tədris ili ərzində yeni yaranan vakansiyalara müddətli əmək müqaviləsi əsasında qəbul aparıla bilər.
- Müddətsiz müqavilə hansı turda verilir?
Hazırkı qaydalara əsasən müddətsiz əmək müqaviləsi ilə işə qəbul yalnız müsabiqənin əsas turunda həyata keçirilir.