Təhsil

Azərbaycanda magistratura imtahanı nədir? Magistratura balı necə hesablanır və qəbul necə aparılır?

Azərbaycanda magistratura imtahanı nədir? Magistratura balı necə hesablanır və qəbul necə aparılır?

Azərbaycanda bakalavr təhsilini başa vurduqdan sonra magistratura səviyyəsində təhsil almaq istəyən şəxslər Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi mərkəzləşdirilmiş magistratura qəbul imtahanında iştirak edirlər. İmtahanda bakalavrların məntiqi təfəkkürü, informatika bilikləri və xarici dil bacarıqları yoxlanılır. 2026-cı il qəbul modelinə əsasən imtahanda 50 məntiq, 25 informatika və 20 xarici dil test tapşırığı təqdim olunur. Bundan əlavə, xarici dil üzrə maksimum 5 balla qiymətləndirilən esse yazılır. Beləliklə, magistratura qəbul imtahanında maksimum 100 bal toplamaq mümkündür.

Bu məqalədə Azərbaycanda magistratura imtahanının nə olduğunu, kimlərin iştirak edə bildiyini, imtahanın strukturunu, magistratura balının necə hesablandığını, minimal müsabiqə tələblərini, ixtisaslaşma seçimini, keçid balının formalaşmasını və universitetlərə yerləşdirmənin necə aparıldığını ətraflı izah edəcəyik.

# Magistratura nədir və kimlər qəbul ola bilər?

Magistratura ali təhsilin bakalavriat səviyyəsindən sonrakı mərhələsidir. Bu səviyyədə tələbə bakalavr təhsilində əldə etdiyi bilikləri daha konkret istiqamət və ixtisaslaşma üzrə dərinləşdirir. Məsələn, bakalavr səviyyəsində “Kompüter mühəndisliyi” təhsili alan şəxs magistraturada informasiya təhlükəsizliyi, kompüter sistemləri, süni intellekt və ya uyğun olan başqa ixtisaslaşmalardan birini seçə bilər. Lakin seçilə bilən proqramların siyahısı bakalavrın bitirdiyi ixtisasa və həmin il üçün müəyyən edilmiş uyğunluq cədvəlinə əsaslanır.

Azərbaycanda magistratura səviyyəsinə qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər malikdirlər. Xaricdə ali təhsil alan şəxslərin kvalifikasiyası isə müvafiq qaydada tanınmalıdır.

Dövlət magistratura səviyyəsində, şəxsin yalnız bir dəfə dövlət hesabına pulsuz təhsil almasını təmin edir. Daha əvvəl dövlət sifarişi ilə magistratura təhsili alan şəxs yenidən dövlət sifarişli yerləri seçə bilməz, lakin uyğun olduğu halda ödənişli yerlərin müsabiqəsində iştirak edə bilər.

# Magistratura qəbul imtahanında hansı fənlər olur?

Magistratura qəbul imtahanı üç əsas test bloku və bir yazı tapşırığından ibarətdir:

1. Məntiqi təfəkkür(50 Sual)
2. İnformatika(25 Sual)
3. Xarici dil(20 Sual)
4. Xarici dil üzrə esse

Ümumilikte 95 sual və 1 ədəd esse təqdim edilir. Bütün bu tapşırıqlar üçün namizədin sadəcə 3 saat 30 dəqiqə vaxtı var.Namizəd vaxtını yalnız ümumi şəkildə deyil, hər bölmə üzrə də düzgün idarə etməlidir. Xüsusilə məntiq suallarına həddindən artıq vaxt sərf etmək informatika və xarici dil bloklarına ayrılan vaxtı azalda bilər.



# Məntiqi təfəkkür bölməsi nəyi yoxlayır?

Məntiqi təfəkkür bölməsi namizədin məlumatları analiz etmək, əlaqələri müəyyənləşdirmək, nəticə çıxarmaq və problem həll etmək bacarığını yoxlayır. Bu bölmədə konkret bakalavr ixtisasına aid bilik tələb olunmur. Tapşırıqlar əsasən namizədin analitik düşünmə sürətini və müxtəlif məlumatlardan düzgün nəticə çıxarma qabiliyyətini ölçür.

Məntiq bölməsində aşağıdakı tip tapşırıqlara rast gəlmək mümkündür:

- Ədədi ardıcıllıqlar, Ədədlər arasındakı qanunauyğunluğu tapmaq
- Məntiqi əlaqələr, Anlayış və fikirlər arasındakı münasibəti müəyyən etmək
- Şərtli məsələlər, Verilmiş şərtlər əsasında düzgün nəticə çıxarmaq
- Cədvəl və sxemlər, Məlumatı strukturlaşdırmaq və analiz etmək
- Analogiyalar, Oxşar münasibətləri müəyyən etmək
- Fiqur ardıcıllıqları, Vizual qanunauyğunluğu tapmaq
- Mətn əsaslı məntiq, Verilmiş məlumatdan doğru hökm çıxarmaq

Məntiqi təfəkkür maksimum 50 balla qiymətləndirildiyi üçün imtahan nəticəsinin yarısını təşkil edir. Buna görə hazırlıq zamanı ən çox vaxt ayrılan bölmələrdən biri olmalıdır.

# İnformatika bölməsi nəyi yoxlayır?

İnformatika bölməsi namizədin informasiya texnologiyaları və kompüter elmləri üzrə baza biliklərini yoxlayır. İmtahanda informatika üzrə 25 tapşırıq təqdim edilir və bu bölmədən maksimum 25 bal toplamaq mümkündür.

İnformatika proqramında adətən aşağıdakı mövzular yer ala bilər:

* İnformasiyanın ölçü vahidləri;
* Say sistemləri;
* Məntiqi əməliyyatlar;
* Alqoritmlər;
* Kompüterin quruluşu;
* Əməliyyat sistemləri;
* Mətn, cədvəl və təqdimat proqramları;
* Verilənlər bazası;
* Kompüter şəbəkələri;
* İnternet texnologiyaları;
* İnformasiya təhlükəsizliyinin əsasları.

Mövzuların dəqiq siyahısı hər il DİM tərəfindən hazırlanmış qəbul proqramında və “Magistr” jurnalında təqdim edilir. Hazırlıq zamanı həmin ilin rəsmi proqramından istifadə etmək vacibdir.

# Xarici dil bölməsi necə keçirilir?

Xarici dil bölməsi namizədin dil qaydaları, oxuyub-anlama, dinləyib-anlama və yazı bacarığını yoxlayır.

* 20 test tapşırığı təqdim edilir;
* Testlərdən maksimum 20 bal toplamaq mümkündür;
* Esse maksimum 5 balla qiymətləndirilir;
* Xarici dil üzrə ümumi maksimum nəticə 25 baldır.

Xarici dil blokunda oxuyub-anlama, dinləyib-anlama və dil qaydalarını yoxlayan tapşırıqlardan istifadə edilir. Bəzi oxu tapşırıqlarında təqdim olunan mülahizələrin doğru və ya yanlış olması müəyyənləşdirilir. Belə tapşırıqda bütün cavablar düzgün olduqda 1 bal, dörd mülahizədən üçü düzgün cavablandırıldıqda isə 0,5 bal verilə bilər.

# Xarici dil üzrə esse necə qiymətləndirilir?

Esse namizədin xarici dildə yazılı şəkildə fikir bildirmək bacarığını qiymətləndirir. Esse üçün maksimum 5 bal verilir və yazı işinə 30 dəqiqə vaxt ayrılır.

Essedə əsasən aşağıdakı meyarlar əhəmiyyət daşıyır:

- Mövzuya uyğunluq, Yazının verilmiş mövzudan kənara çıxmaması
- Struktur, Giriş, əsas hissə və nəticənin məntiqli qurulması
- Fikir ardıcıllığı, Cümlə və abzasların bir-biri ilə əlaqəli olması
- Lüğət ehtiyatı, Səviyyəyə uyğun söz və ifadələrdən istifadə
- Qrammatika, Cümlələrin düzgün qurulması
- Orfoqrafiya, Sözlərin düzgün yazılması
- Arqumentasiya, Fikrin səbəb və nümunələrlə izah edilməsi

Tədrisi Azərbaycan və ya rus dilində olan ixtisaslaşmaları seçmək üçün esse nəticəsinə ayrıca minimum məhdudiyyət qoyulmur. Lakin tədrisi ingilis və ya alman dilində olan ixtisaslaşmalar üçün esse nəticəsi ən azı 2 bal olmalıdır.

# Magistratura balı necə hesablanır?

Magistratura imtahanında hər düzgün test cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsini azaltmır. Esse isə maksimum 5 balla qiymətləndirilir.

Ümumi formula belədir: Magistratura balı = Məntiq balı + İnformatika balı + Xarici dil test balı + Esse balı

Nümünə olaraq, Mantiq = 36, İnformatika = 18, Xarici Dil = 14, Esse 3. Yəni magistratura balı = 71.

# Bakalavr istədiyi magistratura ixtisasını seçə bilərmi?

Bakalavr istənilən magistratura ixtisaslaşmasını sərbəst şəkildə seçə bilmir. Seçim onun bitirdiyi bakalavr ixtisasına uyğun magistratura proqramları ilə məhdudlaşır.

DİM “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” hazırlayır. Cədvəldə:

- Bakalavr ixtisasları;
- Onlara uyğun magistratura ixtisaslaşmaları;
- Müvafiq qəbul proqramları;
- İxtisaslaşma seçimi üçün minimal ballar göstərilir.

Bakalavr elektron seçim sistemində yalnız onun ixtisasına uyğun olan magistratura ixtisaslaşmalarını görə və seçə bilir.

Məsələn, kompüter elmləri məzunu uyğun texniki və informasiya texnologiyaları ixtisaslaşmalarını seçə bilər. Lakin onun hüquq üzrə magistratura proqramı seçməsi uyğunluq cədvəlində nəzərdə tutulmayıbsa, həmin proqramı seçim ərizəsinə daxil edə bilməz.

# Magistratura üçün universitetlərə qəbul necə aparılır?

Azərbaycanda magistraturaya qəbul universitetlərin ayrıca keçirdiyi ümumi müsahibə əsasında deyil, əsasən DİM-in mərkəzləşdirilmiş müsabiqəsi vasitəsilə aparılır. Yerləşdirmə zamanı aşağıdakılar nəzərə alınır:

- Magistratura imtahan balı, Əsas müsabiqə göstəricisidir
- İxtisaslaşma ardıcıllığı, Namizəd keçdiyi ilk seçimə yerləşdirilir
- Plan yerlərinin sayı, Qəbul edilə biləcək şəxslərin sayını müəyyən edir
- Dövlət sifarişi və ödənişli seçim, Ayrı müsabiqə imkanları yarada bilər
- Tədris dili, Xarici dil üzrə əlavə minimum tələb yarada bilər
- Bakalavr ixtisası, Seçilə bilən ixtisaslaşmaları müəyyənləşdirir
- Qabiliyyət imtahanı, Xüsusi qabiliyyət tələb edən proqramlarda nəzərə alınır

Adi ixtisaslaşmalarda müsabiqə magistratura qəbul imtahanında toplanmış bala əsasən aparılır. Xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarda isə qabiliyyət imtahanının nəticəsi əsas götürülə bilər.



# ÜOMG magistratura balına əlavə olunurmu?

Xeyr. Bakalavrın ÜOMG-si magistratura qəbul imtahanında topladığı 100 ballıq nəticəyə əlavə edilmir.

Magistratura üzrə əsas müsabiqə balı məntiq, informatika, xarici dil və esse nəticələrinin cəmidir. ÜOMG yalnız eyni imtahan balı toplamış namizədləri fərqləndirmək lazım gəldikdə əlavə göstərici kimi istifadə olunur.

# Dövlət sifarişi və ödənişli qəbul nədir?

Magistratura təhsili iki əsas maliyyələşmə formasında həyata keçirilir:

* Dövlət sifarişi əsasında;
* Ödənişli əsaslarla.

Dövlət sifarişli yerə qəbul olunan tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına maliyyələşdirilir. Ödənişli yerə qəbul olunan tələbə isə universitetin müəyyən etdiyi təhsil haqqını ödəyir.

Namizəd ixtisaslaşma seçimi zamanı hər proqram üzrə dövlət sifarişi, ödənişli əsas və ya hər iki variantı seçə bilər. Dövlət sifarişli yerlərdə rəqabət çox vaxt daha yüksək olur.

Dövlət hesabına magistratura təhsili almaq hüququ bir dəfə verilir. Daha əvvəl dövlət sifarişi ilə magistr təhsili alan şəxs ikinci dəfə dövlət sifarişli yer seçə bilməz.

# Magistratura keçid balı necə formalaşır?

Keçid balı konkret universitet və ixtisaslaşmaya sonuncu qəbul olunan namizədin balıdır.

Məsələn, müəyyən ixtisaslaşmaya dövlət sifarişi üzrə son qəbul olunan bakalavr 78 bal toplayıbsa, həmin proqramın dövlət sifarişli keçid balı 78 hesab olunur.

Ödənişli yerə son qəbul olunan şəxsin nəticəsi 63 baldırsa, ödənişli əsaslarla keçid balı 63 ola bilər.

Keçid balına aşağıdakılar təsir göstərir:

* Plan yerlərinin sayı;
* Namizədlərin ümumi nəticələri;
* İxtisaslaşmaya olan maraq;
* Universitetin nüfuzu;
* Tədris dili;
* Dövlət sifarişli yerlərin sayı;
* Namizədlərin seçim ardıcıllığı.

Buna görə keçid balı əvvəlcədən dəqiq müəyyən edilmir və hər il dəyişə bilər.

# "Hesabla.com" olaraq Magistratura imtahanına hazırlaşmaq istəyənlər üçün tövsiyələrimiz

Hazırlığa başlamazdan əvvəl namizəd seçmək istədiyi ixtisaslaşmanın hansı qrupa aid olduğunu və həmin qrup üçün neçə bal tələb edildiyini müəyyənləşdirməlidir. Bizim tövsiyəmiz, Hazırlıq planı belə qurula bilər:

1. Uyğun magistratura ixtisaslaşmalarını müəyyən edin
2. Hədəf nəticəni seçin
3. Sınaq imtahanı ilə mövcud səviyyəni ölçün
4. Məntiq, informatika və dil üzrə nəticələri ayrıca analiz edin
5. Həftəlik hazırlıq cədvəli qurun
6. Açıq tipli tapşırıqları ayrıca məşq edin
7. Hər həftə esse yazın
8. Vaxtla tam sınaq imtahanı həll edin
9. Səhvləri mövzu və səbəb üzrə qruplaşdırın
10. DİM-in rəsmi proqram və nümunələrindən istifadə edin

Sadəcə plan qurmaq kifayət etmir, namizədlər əksər zaman düzgün plan qursada, hərkəsin etdiyi səhvləri edərək imtahandaki uğur faizlərini aşağı salırlar. Belə ki, namizədlərin ən çox etdiyi səhvlər, Yalnız ümumi bala baxmaq, Məntiqə bütün vaxtı sərf etmək, Esseni önəmsiz hesab etmək, Minimal balı qəbul zəmanəti saymaq və Esse yazısını məşq etməmək.



# Tez-tez verilən suallar

- Magistratura imtahanı nədir?

Magistratura imtahanı Azərbaycanda magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrların məntiqi təfəkkür, informatika və xarici dil biliklərini qiymətləndirən mərkəzləşdirilmiş DİM imtahanıdır.

- Magistratura imtahanında neçə sual olur?

İmtahanda 50 məntiq, 25 informatika və 20 xarici dil olmaqla ümumilikdə 95 test tapşırığı və bir esse mövzusu təqdim edilir.

- Magistratura imtahanında maksimum bal neçədir?

Maksimum nəticə 100 baldır: məntiq 50, informatika 25, xarici dil testi 20 və esse 5 bal.

- Magistratura balı necə hesablanır?

Məntiq, informatika, xarici dil testi və esse üzrə ballar toplanır:

Yekun bal = Məntiq + İnformatika + Xarici dil + Esse

- Səhv cavablar düzgün cavabları aparırmı?

Xeyr. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

- Magistratura imtahanı neçə saatdır?

Testlər üçün 3 saat, esse üçün 30 dəqiqə olmaqla ümumilikdə 3 saat 30 dəqiqə vaxt verilir.

- Magistraturaya qəbul üçün minimum bal neçədir?

Minimum bal ixtisaslar qrupuna görə 30, 40, 45 və ya 50 bal ola bilər. Bundan əlavə, məntiq, informatika və xarici dil üzrə ayrıca minimum tələblər də ödənilməlidir.

- Magistratura imtahanı neçə dəfə keçirilir?

2026-cı ildə qəbul imtahanının iki cəhddə keçirilməsi nəzərdə tutulub. Namizəd birində və ya hər ikisində iştirak edə bilər.

- Hər iki cəhddə iştirak etdikdə hansı nəticə götürülür?

Bakalavr müsabiqədə birinci və ya ikinci cəhdin nəticəsindən hansını istifadə edəcəyini özü seçir.

- ÜOMG magistratura balına əlavə olunurmu?

Xeyr. ÜOMG 100 ballıq imtahan nəticəsinə əlavə edilmir. Yalnız eyni bal toplayan namizədləri fərqləndirmək üçün istifadə oluna bilər.

- İstədiyim magistratura ixtisasını seçə bilərəmmi?

Yalnız bitirdiyiniz bakalavr ixtisasına uyğun olan və DİM-in ixtisaslaşma seçimi cədvəlində göstərilən proqramları seçə bilərsiniz.

- Neçə ixtisaslaşma seçmək olar?

Bakalavr elektron ərizəyə uyğun olan 20-dək ixtisaslaşma kodu daxil edə bilər.

- İngilis dilində magistratura üçün neçə dil balı lazımdır?

Dövlət sifarişli yer üçün xarici dil nəticəsi ən azı 20, ödənişli yer üçün ən azı 15 olmalıdır. Hər iki halda esse nəticəsi minimum 2 bal tələb edir.

- Bakalavr ixtisasından fərqli magistratura seçmək mümkündürmü?

Yalnız DİM-in uyğunluq cədvəlində həmin bakalavr ixtisası üçün icazə verilən əlaqəli ixtisaslaşmaları seçmək mümkündür. Jurnalistika üzrə isə 50 və daha çox bal toplayan uyğun namizədlər bakalavr ixtisasından asılı olmayaraq müraciət edə, daha sonra qabiliyyət imtahanı verə bilərlər.

- Dövlət sifarişi ilə ikinci dəfə magistratura oxumaq mümkündürmü?

Dövlət magistratura səviyyəsində yalnız bir dəfə pulsuz təhsil hüququ verir. Daha əvvəl dövlət sifarişi ilə magistratura təhsili alan şəxs yenidən dövlət sifarişli yer seçə bilməz.

- Keçid balı əvvəlcədən məlum olurmu?

Xeyr. Keçid balı müsabiqədən sonra plan yerləri, seçim sayı və namizədlərin nəticələrinə əsasən formalaşır.

Hesabla-nı sosial mediada izlə
✦ Bizi izləyin
Bizi sosial mediada izləyirsən?

Yeni kalkulyatorlar, faydalı məsləhətlər və tələbə imkanları — hamısı ilk olaraq Instagram, TikTok və LinkedIn səhifələrimizdə. Bizə qoşul!