Təhsil

Avropada pulsuz təhsil: Stipendium Hungaricum qəbul balı və təqaüd məbləği necə hesablanır?

Avropada pulsuz təhsil: Stipendium Hungaricum qəbul balı və təqaüd məbləği necə hesablanır?

Avropada pulsuz bakalavr, magistratura və ya doktorantura təhsili almaq istəyən tələbələrin müraciət edə biləcəyi ən məşhur proqramlardan biri Stipendium Hungaricum təqaüdüdür. Proqram tələbəyə Macarıstan universitetlərində təhsil haqqı ödəmədən oxumaq, aylıq təqaüd almaq, yataqxana və ya yaşayış dəstəyindən yararlanmaq imkanı verir.

"Hesabla.com" olaraq, bu məqalədə Stipendium Hungaricum proqramının nə olduğunu, təqaüdün hansı xərcləri qarşıladığını, qəbul prosesinin mərhələlərini, rəsmi qəbul balının necə formalaşdığını ətrafli izah edəcəyik.

# Stipendium Hungaricum nədir?

Stipendium Hungaricum Macarıstan hökumətinin beynəlxalq tələbələr üçün təqdim etdiyi ali təhsil təqaüd proqramıdır. Proqram Tempus Public Foundation tərəfindən koordinasiya edilir və Macarıstanla tərəfdaş ölkələr arasında bağlanmış təhsil əməkdaşlığı müqavilələrinə əsaslanır. Azərbaycan da proqramın Sending Partner ölkələri arasında yer alır. Bu səbəbdən Azərbaycan vətəndaşları mövcud ixtisas və təhsil səviyyələrinə uyğun olaraq proqrama müraciət edə bilərlər.

# Stipendium Hungaricum hansı xərcləri qarşılayır?

Stipendium Hungaricum çox vaxt “tam təqaüd” kimi təqdim olunur. Proqram həqiqətən də təhsil haqqını tam qarşılayır, lakin aylıq ödənişlərin tələbənin bütün yaşayış xərclərini ödəyəcəyinə zəmanət verilmir.

Belə ki bu program tələbənin təhsil haqqını ödəyir, ona 43 700 HUF(231.81 AZN) aylıq stipendiya verir, Pulsuz yataqxana ilə təmin edir, Sağlamlıq siğortası verir. Ancaq, Yataqxanada yer universitetin imkanlarından asılıdır. Yəni, hər zaman sizi yataqxana ilə təmin edəcəkləri ilə bağlı bir zəmanət verilmir ancaq Tələbəyə yataqxana verilmədikdə aylıq 40 000 HUF(212.18 AZN) yaşayış dəstəyi ödənilir.

# Stipendium Hungaricum qəbul prosesi necədir?

Qəbul prosesi yalnız universitetə sənəd göndərməkdən ibarət deyil. Namizəd bir neçə mərhələdən keçməlidir:

1. Texniki yoxlama, Vətəndaşlıq, yaş, sənədlər və müraciətin düzgün təqdim olunması
2. Sending Partner seçimi, Namizədin ölkə tərəfindən nominasiyası
3. Universitet yoxlaması, Proqramın minimum qəbul şərtləri
4. İmtahan və ya müsahibə, Akademik bilik, motivasiya və dil bacarığı
5. Yekun yerləşdirmə, Bal, kvota, seçim sırası və proqram tutumu

Müraciət əvvəlcə Tempus Public Foundation tərəfindən texniki yoxlamadan keçirilir. Daha sonra uyğun namizədlər ölkənin Sending Partner qurumuna göndərilir. Yalnız nominasiya olunan namizədlər universitet qiymətləndirməsinə keçirlər.

Universitet namizədlə onlayn müsahibə keçirə, yazılı imtahan təşkil edə, portfolio tələb edə və ya təqdim edilmiş sənədlər əsasında qiymətləndirmə apara bilər. Qəbul üsulu universitetə və ixtisasa görə dəyişir.



# Müraciət üçün hansı sənədlər lazımdır?

Tələb olunan sənədlər proqramdan asılı olaraq dəyişə bilər. Əsas sənədlərə adətən bunlar daxildir:

- Onlayn ərizə forması
- Motivation letter
- Attestat və ya diplom
- Akademik transkript
- Dil biliyini təsdiqləyən sənəd
- Şəxsiyyət vəsiqəsi və ya pasport
- Tərcümə edilmiş sənədlər
- Tədqiqat planı və elmi rəhbər sənədi – (PhD proqramları üçün)

Sənədlərin yalnız sistemdə saxlanılması kifayət deyil. Müraciət rəsmi olaraq son tarixə qədər submit edilməlidir. Əks halda avtomatik olaraq rədd edilə bilər.

# Stipendium Hungaricum qəbul balı necə hesablanır?

Universitet namizədi maksimum 100 ballıq sistemlə qiymətləndirir. Rəsmi qaydalara əsasən, minimum qəbul nəticəsi 56 baldır. Nəticə 56-dan aşağı olduqda namizədə təqaüd təklif edilə bilməz. Nəticə 56 və ya daha yüksək olduqda isə namizəd proqramın minimum qəbul tələbini ödəmiş hesab olunur. Lakin bu nəticə hələ yekun təqaüd qərarı deyil.

Universitetin 100 balı hansı meyarlarla bölüşdürməsi bütün universitetlər üçün eyni deyil. Məsələn, universitet aşağıdakı elementlərdən istifadə edə bilər:

* Əvvəlki akademik nəticələr
* İxtisas üzrə baza bilikləri
* Onlayn qəbul imtahanı
* Müsahibə
* İngilis dili səviyyəsi
* Motivation letter
* Portfolio
* Tədqiqat planı
* Bakalavr və magistratura fənlərinin uyğunluğu

Buna görə “GPA-m 85-dir, Stipendium Hungaricum balım neçə olacaq?” sualına vahid rəsmi formula ilə cavab vermək mümkün deyil. GPA universitet qiymətləndirməsinin bir hissəsi ola bilər, amma 100 ballıq nəticənin hamısını avtomatik müəyyən etmir.



# Stipendium Hungaricum təqaüd məbləği necə hesablanır?

Bakalavr və magistratura tələbəsinin yataqxana əvəzinə yaşayış dəstəyi aldığını düşünək.

Aylıq ödəniş: 43 700 HUF aylıq təqaüd + 40 000 HUF yaşayış dəstəyi = 83 700 HUF

İllik hesablamada:

43 700 × 12 = 524 400 HUF illik təqaüd
40 000 × 12 = 480 000 HUF illik yaşayış dəstəyi

Beləliklə: 524 400 + 480 000 = 1 004 400 HUF

Bu nümunədə tələbənin bir il ərzində ala biləcəyi birbaşa maliyyə dəstəyi maksimum 1,004,400 HUF olur. Bundan əlavə, universitetin illik təhsil haqqı ödənilmir və tibbi təminat təqdim edilir.

Lakin tələbə pulsuz yataqxanada yerləşdirilərsə, adətən aylıq 40 000 HUF ayrıca ödənilmir. Bu halda birbaşa aylıq ödəniş 43 700 HUF olacaq.

# Birinci və ikinci ixtisas seçimi nə qədər vacibdir?

Namizəd iki fərqli proqram seçə bilər. Universitetlər əvvəlcə birinci seçimdə göstərilən proqramı qiymətləndirirlər. İkinci seçim daha sonra nəzərdən keçirilir.

Xüsusilə tibb proqramlarında rəqabət çox yüksəkdir. Rəsmi çağırışda universitetlərin tibbi proqramlardakı yerləri birinci seçim namizədləri ilə doldura biləcəyi və ikinci seçimdə tibb yazan namizədlərin qiymətləndirilməyə bilməyəcəyi bildirilir.

Buna görə ən çox istədiyiniz və akademik profilinizə ən uyğun olan proqramı birinci yerə yazmaq daha doğru strategiyadır.

# "Hesabla.com" olaraq bizim tövsiyələrimiz

Təqaüd üçün sənəd göndərmə zamanı hər bir prosese və sənədə ciddi yanaşmaqınız sizin gələcəyiniz üçün ən doğru seçimdir. Ancaq, bəzi namizədlər bu proses zamanı 56 balı təqaüd üçün zəmanət hesab edərək elə ən böyük səhvi edirlər, unutmayın ki, 56 bal yalnız minimum universitet tələbidir. Bunun mənasıda, sizin DİM imtahanlarından tanış olduğunuz termin olan "keçid balı" mənasına gəlir. Necə ki, keçid balını yığsan belə həmin ixtisasa düşməyin garanti deyil, eyni zamanda buradada minimum tələb olunan balı yığmağın sənin programa qəbulun üçün zəmanət deyil.

Bəzən namizədlər bakalavr üzrə ÜOMG nəticələrinə baxır və düşünür ki, bu onlar üçün qəbula zəmanət verir. Ancaq, bu düşüncədə bir o qədər düzgün deyil. Təqaüd üçün qəbul almaq istəyirsizsə, bütün imtahanlara tam motivasiya ilə hazırlaşmaqınız və ən yüksək nəticələrə nail olmaqa çalışın.

Azərbaycan və Türkiyə universitetlərinə yerli imtahanlar ilə heç bir motivasiya məktubu yazmadan imtahan balı ilə qəbul olduqları üçün namizədlər bu hissədə çətinlik çəkirlər. Tövsiyəmiz odur ki, Motivasiya məktubunun necə yazıldıqını öyrənin, motivasiya məktubunu ümumi yazmaq olmaz, seçilən universitet və proqram ilə əlaqələndirmək lazımdır.



# Tez-tez verilən suallar

- Stipendium Hungaricum tam pulsuzdur?

Təhsil haqqı tam qarşılanır. Aylıq təqaüd, yataqxana və ya yaşayış dəstəyi və tibbi təminat verilir. Lakin proqram bütün gündəlik yaşayış xərclərini tam qarşılamaya bilər.

- Stipendium Hungaricum minimum qəbul balı neçədir?

Universitet qiymətləndirməsində minimum nəticə 100 bal üzərindən 56 baldır.

- 56 bal yığan hər kəs təqaüd qazanır?

Xeyr. Yekun qərara kvota, universitet tutumu, seçim sırası, nominasiya reytinqi və digər namizədlərin nəticələri də təsir edir.

- Attestat və ya GPA neçə olmalıdır?

Bütün proqramlara tətbiq olunan vahid minimum GPA yoxdur. Hər universitet və ixtisas öz akademik tələblərini müəyyən edir.

- IELTS mütləqdirmi?

Bütün proqramlarda mütləq deyil. Bəzi universitetlər IELTS, TOEFL və ya başqa dil sertifikatı tələb edir, bəziləri isə əvvəlki təhsilin ingilis dilində olmasını qəbul edə və ya öz müsahibəsini keçirə bilər.

- Aylıq təqaüd nə qədərdir?

Bakalavr və magistratura səviyyəsində aylıq əsas təqaüd 43 700 HUF-dur. Yataqxana verilməzsə, əlavə olaraq aylıq 40 000 HUF yaşayış dəstəyi təqdim oluna bilər.

Hesabla-nı sosial mediada izlə
✦ Bizi izləyin
Bizi sosial mediada izləyirsən?

Yeni kalkulyatorlar, faydalı məsləhətlər və tələbə imkanları — hamısı ilk olaraq Instagram, TikTok və LinkedIn səhifələrimizdə. Bizə qoşul!