Sahibkarlıq fəaliyyətinə başlayan şəxslərin qarşılaşdığı əsas məsələlərdən biri vergi öhdəlikləridir. Bütün sahibkarlar eyni vergi növünü və eyni dərəcəni tətbiq etmir. Bəzi sahibkarlar ümumi dövriyyədən 2 faiz sadələşdirilmiş vergi ödəyir, bəzi fərdi sahibkarlar gəlirlə xərclər arasındakı fərqdən 20 faiz gəlir vergisi hesablayır, hüquqi şəxslər isə mənfəətdən 20 faiz mənfəət vergisi ödəyirlər. Dövriyyə müəyyən həddi keçdikdə ƏDV qeydiyyatı öhdəliyi də yarana bilər. Sahibkar işçi çalışdırırsa, əməkhaqqından gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları hesablanmalıdır.
"Hesabla.com" olaraq bu məqalədə Azərbaycandaki vergi növləri və hesablamalar ilə bağlı ətraflı izah etsəkdə, onuda qeyd etməliyik ki, bu məqalədəki məlumatlar ümumi izah məqsədi daşıyır. Vergi öhdəliyi fəaliyyət növünə, müqavilələrə, güzəştlərə və əməliyyatların xüsusiyyətlərinə görə dəyişə bilər. Real hesablama zamanı Vergi Məcəlləsi, Dövlət Vergi Xidmətinin izahları və peşəkar mühasib rəyi nəzərə alınmalıdır.
# Vergi nədir?
Vergi dövlət və bələdiyyələrin fəaliyyətinin maliyyələşdirilməsi üçün fiziki və hüquqi şəxslərin qanunla müəyyən edilmiş qaydada ödədiyi məcburi ödənişdir. Vergilər aşağıdakı sahələrin maliyyələşdirilməsinə xidmət edə bilər:
* təhsil;
* səhiyyə;
* sosial müdafiə;
* yollar və infrastruktur;
* dövlət idarəçiliyi;
* təhlükəsizlik;
* kommunal və ictimai xidmətlər;
* iqtisadi və regional inkişaf proqramları.
Vergi könüllü ödəniş deyil. Şəxs qanunvericilikdə nəzərdə tutulan vergitutma obyektinə sahibdirsə və ya vergi tutulan gəlir əldə edirsə, müvafiq vergini hesablamalı, bəyan etməli və müəyyən edilmiş müddətdə ödəməlidir.
# VÖEN nədir?
VÖEN – Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsidir.
Bu nömrə sahibkarın vergi sistemində tanınması üçün istifadə edilir. VÖEN vasitəsilə sahibkar:
* vergi bəyannaməsi təqdim edir;
* elektron qaimə göndərir və qəbul edir;
* bank hesabı açır;
* vergi və sığorta ödənişlərini həyata keçirir;
* əmək müqavilələri rəsmiləşdirir;
* vergi borcunu yoxlayır;
* dövlət elektron xidmətlərindən istifadə edir.
VÖEN almaq avtomatik olaraq eyni vergi rejiminin bütün sahibkarlara tətbiq edilməsi demək deyil. Qeydiyyat zamanı fəaliyyət növü və vergitutma sistemi düzgün müəyyənləşdirilməlidir.
# Azərbaycanda sahibkarlar hansı vergiləri ödəyə bilər?
Sahibkarın fəaliyyətindən asılı olaraq aşağıdakı əsas vergi və məcburi ödənişlər yarana bilər:
- Sadələşdirilmiş vergi -> Müəyyən şərtləri ödəyən fərdi sahibkar və hüquqi şəxslər
- Gəlir vergisi -> Fərdi sahibkarlar
- Mənfəət vergisi -> Hüquqi şəxslər
- Əlavə dəyər vergisi – ƏDV -> Məcburi və ya könüllü ƏDV qeydiyyatında olan şəxslər
- Muzdlu iş üzrə gəlir vergisi -> İşçi çalışdıran sahibkarlar
- Məcburi dövlət sosial sığorta -> Fərdi sahibkar və işçilər üzrə
- İşsizlikdən sığorta -> Əmək müqaviləsi ilə çalışan işçilər üzrə
- İcbari tibbi sığorta -> Sahibkar və işçilər üzrə
- Əmlak vergisi -> Vergitutma obyekti olan əmlaka sahib müəssisələr
- Torpaq vergisi -> Torpaq sahəsinə sahib və ya istifadəçi olan şəxslər
- Ödəmə mənbəyində vergi -> Qanunda göstərilən bəzi ödənişlər zamanı
- Aksiz və mədən vergisi -> Xüsusi fəaliyyət və məhsullar üzrə
Sahibkar bütün bu vergiləri eyni vaxtda ödəməyə bilər. Vergi öhdəliyi konkret fəaliyyətə görə müəyyən edilir.
# Sadələşdirilmiş vergi nədir və necə hesablanır?
Sadələşdirilmiş vergi kiçik sahibkarlar üçün nəzərdə tutulan vergitutma rejimlərindən biridir. Bu sistemdə sahibkarın xərcləri nəzərə alınmır. Vergi ümumi satışdan, göstərilən xidmətlərdən əldə edilən hasilatdan və qanunvericilikdə nəzərdə tutulan satışdankənar gəlirlərdən hesablanır. Ümumi sadələşdirilmiş vergi dərəcəsi 2 faizdir.
Sadələşdirilmiş vergi = Ümumi gəlir × 2%
Burada ümumi gəlir sahibkarın mənfəəti deyil. Xərclər çıxılmadan əldə olunan ümumi hasilat nəzərdə tutulur.
Fərdi sahibkar bir rüb ərzində aşağıdakı gəlirləri əldə edib:
- Yanvar = 8 000 AZN
- Fevral = 10 000 AZN
- Mart = 12 000 AZN
- Cəm = 30 000 AZN
Hesablama: 30 000 × 2% = 600 AZN
Sahibkarın rüb üzrə sadələşdirilmiş vergisi 600 AZN olacaq. Bu zaman sahibkarın 20 000 AZN və ya 5 000 AZN xərc çəkməsi verginin məbləğini dəyişmir. Sadələşdirilmiş vergi ümumi gəlirdən hesablanır.
# Fərdi sahibkarın gəlir vergisi necə hesablanır?
Fərdi sahibkar sadələşdirilmiş vergi ödəyicisi olmadıqda və ya gəlir vergisi sistemini seçdikdə vergi onun xalis gəlirindən hesablanır.
Xalis gəlir sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlə həmin gəlirin əldə olunması üçün çəkilən və qanunla gəlirdən çıxılmasına icazə verilən xərclər arasındakı fərqdir.
Ümumi gəlir vergisi dərəcəsi 20 faizdir.
# Gəlir vergisinin hesablanılması
Vergi tutulan gəlir = Ümumi gəlir − Çıxılan xərclər
Gəlir vergisi = Vergi tutulan gəlir × 20%
Fərdi sahibkarın illik göstəriciləri:
- Ümumi gəlir = 100 000 AZN
- Sənədləşdirilmiş çıxılan xərclər = 70 000 AZN
- Vergi tutulan gəlir = 30 000 AZN
Hesablama:
100 000 − 70 000 = 30 000 AZN
30 000 × 20% = 6 000 AZN
Fərdi sahibkarın gəlir vergisi 6 000 AZN olacaq.
# Hansı xərclər gəlirdən çıxıla bilər?
Gəlir vergisi hesablanarkən yalnız sahibkarlıq fəaliyyəti ilə əlaqəli, əsaslandırılmış və qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilmiş xərclər nəzərə alına bilər.
Bunlara fəaliyyətə görə aşağıdakılar daxil ola bilər:
* satılan malların alış dəyəri;
* ofis və obyekt icarəsi;
* əməkhaqqı və işəgötürən ödənişləri;
* reklam və marketinq;
* kommunal xidmətlər;
* biznes üçün rabitə və internet;
* çatdırılma və logistika;
* proqram təminatı və abunəliklər;
* avadanlıq və amortizasiya;
* bank xidmətləri;
* peşəkar mühasibat və hüquq xidmətləri.
Şəxsi xərclər biznes xərci kimi göstərilə bilməz. Xərclərin elektron qaimə, müqavilə, bank ödənişi, kassa sənədi və digər əsaslandırıcı sənədlərlə təsdiqlənməsi vacibdir.
# Hüquqi şəxsin mənfəət vergisi necə hesablanır?
MMC və digər rezident hüquqi şəxslər ümumi qayda üzrə mənfəət vergisi ödəyicisi hesab edilirlər.
Mənfəət vergisi müəssisənin vergi tutulan gəlirləri ilə gəlirdən çıxılmasına icazə verilən xərcləri arasındakı fərqdən 20 faiz dərəcə ilə hesablanır.
Vergi tutulan mənfəət = Ümumi gəlir − Çıxılan xərclər
Mənfəət vergisi = Vergi tutulan mənfəət × 20%
# MMC üçün mənfəət vergisi nümunəsi
Şirkətin illik nəticələri:
Satış gəliri = 300 000 AZN
Malların maya dəyəri = 150 000 AZN
Əməkhaqqı və sığorta xərcləri = 50 000 AZN
İcarə və kommunal xidmətlər = 20 000 AZN
Digər çıxılan xərclər = 10 000 AZN
Vergi tutulan mənfəət = 70 000 AZN
Hesablama:
300 000 − 150 000 − 50 000 − 20 000 − 10 000 = 70 000 AZN
70 000 × 20% = 14 000 AZN
Şirkətin mənfəət vergisi 14 000 AZN olacaq.
Şərtləri ödəyən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslər üçün mənfəətin 75 faizinə güzəşt tətbiq edilərsə, vergi yükü daha aşağı ola bilər.
# ƏDV nədir və necə hesablanır?
ƏDV – Əlavə Dəyər Vergisidir.
ƏDV malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı yaranan əlavə dəyərə tətbiq edilən dolayı vergidir.
Azərbaycanda ümumi ƏDV dərəcəsi 18 faizdir.
ƏDV adətən satış qiymətinə əlavə edilir və müştəridən alınır. Sahibkar satış üzrə hesabladığı ƏDV-dən qanuni şərtlər daxilində alışlar üzrə əvəzləşdirilə bilən ƏDV-ni çıxaraq fərqi büdcəyə ödəyir.
# ƏDV necə hesablanır?
Şirkət malı aşağıdakı qiymətə alıb:
* ƏDV-siz alış qiyməti: 10 000 AZN;
* alış ƏDV-si: 1 800 AZN;
* ümumi alış məbləği: 11 800 AZN.
Şirkət həmin malı aşağıdakı qiymətə satıb:
* ƏDV-siz satış qiyməti: 15 000 AZN;
* satış ƏDV-si: 2 700 AZN;
* ümumi satış məbləği: 17 700 AZN.
Büdcəyə ödəniləcək ƏDV: 2 700 − 1 800 = 900 AZN
Şirkət büdcəyə 900 AZN ƏDV ödəyəcək.
Alış ƏDV-sinin əvəzləşdirilməsi üçün qanunvericiliyin sənədləşmə, ödəniş və elektron qaimə tələbləri yerinə yetirilməlidir.
# İşçi çalışdıran sahibkar hansı ödənişləri hesablamalıdır?
Sahibkar işçi çalışdırdıqda əməkhaqqı üzrə aşağıdakı məbləğlər yarana bilər:
1. Muzdlu iş üzrə gəlir vergisi
2. İşçinin məcburi dövlət sosial sığorta haqqı
3. İşəgötürənin sosial sığorta haqqı
4. İşçinin işsizlikdən sığorta haqqı
5. İşəgötürənin işsizlikdən sığorta haqqı
6. İşçinin icbari tibbi sığorta haqqı
7. İşəgötürənin icbari tibbi sığorta haqqı
# 2026-cı ildə özəl qeyri-neft sektorunda əməkhaqqı vergisi
2026-cı il yanvarın 1-dən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid işəgötürənlərdə muzdlu iş üzrə gəlir vergisi aşağıdakı dərəcələrlə hesablanır:
- 2 500 AZN-dək = 3%
- 2 500–8 000 AZN = 75 AZN + 2 500 AZN-dən artıq hissənin 10%-i
- 8 000 AZN-dən çox = 625 AZN + 8 000 AZN-dən artıq hissənin 14%-i
Əsas iş yerində aylıq gəlir 2 500 AZN-dək olduqda gəlirin 200 AZN-lik hissəsi üzrə vergi güzəşti qüvvədə qalır.
# İşçinin sosial sığorta haqqı necə hesablanır?
Qeyri-neft-qaz sahəsinin özəl sektorunda işçinin sosial sığorta haqqı aşağıdakı qaydada hesablanır:
- 200 AZN-dək = Əməkhaqqının 3%-i
- 200–8 000 AZN = 6 AZN + 200 AZN-dən artıq hissənin 10%-i
- 8 000 AZN-dən çox = 786 AZN + 8 000 AZN-dən artıq hissənin 10%-i
İşəgötürənin sosial sığorta yükü:
- 200 AZN-dək = Əməkhaqqının 22%-i
- 200–8 000 AZN = 44 AZN + 200 AZN-dən artıq hissənin 15%-i
- 8 000 AZN-dən çox = 1 214 AZN + 8 000 AZN-dən artıq hissənin 11%-i
2026-cı ildən 8 000 AZN-dən yuxarı əməkhaqqı hissəsinə görə işəgötürənin dərəcəsi 11 faiz tətbiq olunur.
- 1 000 AZN əməkhaqqı üzrə MDSS
İşçidən:
6 + (1 000 − 200) × 10%
6 + 80 = 86 AZN
İşəgötürəndən:
44 + (1 000 − 200) × 15%
44 + 120 = 164 AZN
# Vergi bəyannamələrinin əsas müddətləri
- Sadələşdirilmiş vergi(Rüblük), Rübdən sonrakı ayın 20-dək
- ƏDV(Aylıq), Növbəti ayın 20-dək
- Muzdlu iş üzrə vahid hesabat(Rüblük), Rübdən sonrakı ayın 20-dək
- Gəlir vergisi(İllik), Növbəti ilin 31 martınadək
- Mənfəət vergisi(İllik), Növbəti ilin 31 martınadək
Gəlir və mənfəət vergisi üzrə il ərzində cari vergi ödəmələri də yarana bilər. İllik bəyannamə və son hesablaşma növbəti ilin mart ayının 31-dən gec olmayaraq həyata keçirilir. Muzdlu iş üzrə vahid bəyannamə hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim edilir.
# Sahibkarların vergi hesablayarkən etdiyi əsas səhvlər və vergi sistemi necə seçilməlidir?
- Dövriyyəni mənfəətlə qarışdırmaq, Dövriyyə ümumi gəlir, mənfəət isə gəlir və xərclər arasındakı fərqdir
- Sadələşdirilmiş vergidə xərcləri çıxmaq, 2 faiz ümumi gəlirdən hesablanır
- Şəxsi xərcləri biznes xərci kimi göstərmək, Yalnız fəaliyyətlə bağlı və sənədləşdirilmiş xərcləri nəzərə almaq
- Mikro sahibkar statusunu avtomatik güzəşt saymaq, İşçi sayı, sığorta borcu və digər şərtləri yoxlamaq
- ƏDV daxil qiymətin 18 faizini ƏDV hesab etmək, ƏDV daxil məbləğ üçün 18/118 formulundan istifadə etmək
- Vergi və sosial sığortanı eyni ödəniş hesab etmək, Hər öhdəliyi ayrıca hesablamaq
- Banka gələn bütün pulları mənfəət hesab etmək, Avans, borc və digər daxilolmaları düzgün təsnif etmək
- Bəyannamə tarixlərini gecikdirmək, Vergi təqvimi hazırlamaq və elektron kabineti izləmək
- Sənədsiz xərc göstərmək, Qaimə, müqavilə və ödəniş sənədlərini saxlamaq
- ƏDV limitini yalnız təqvim ili üzrə izləmək, Ardıcıl 12 aylıq dövriyyəni izləmək
Vergi rejimi seçilərkən aşağıdakı göstəricilər analiz edilməlidir:
1. İllik və aylıq dövriyyə
2. Mənfəət marjası
3. Xərclərin sənədləşdirilmə səviyyəsi
4. Müştərilərin fiziki və ya hüquqi şəxs olması
5. ƏDV-li müştərilərlə işləmə ehtiyacı
6. Fəaliyyət növü
7. İşçilərin sayı
8. Mikro sahibkarlıq güzəştləri
9. Xaricdən alınan xidmətlər
10. Planlaşdırılan biznes artımı
Məsələn, xərcləri az və mənfəət marjası yüksək olan sahibkar üçün 2 faizlik sadələşdirilmiş vergi əlverişli görünə bilər. Xərcləri yüksək və mənfəət marjası aşağı olan sahibkar üçün isə gəlir və ya mənfəət vergisi sistemi daha uyğun ola bilər. Lakin sahibkarın istədiyi sistemi sərbəst seçə bilməsi üçün əvvəlcə həmin rejimin hüquqi şərtlərini ödəməsi lazımdır.
# Tez-tez verilən suallar
- Fərdi sahibkar neçə faiz vergi ödəyir?
Vergi rejimindən asılı olaraq fərdi sahibkar ümumi gəlirdən 2 faiz sadələşdirilmiş vergi və ya gəlirlə çıxılan xərclər arasındakı fərqdən 20 faiz gəlir vergisi ödəyə bilər.
- Sadələşdirilmiş vergi necə hesablanır?
Ümumi gəlir 2 faizə vurulur: Sadələşdirilmiş vergi = Dövriyyə × 2%
- Gəlir vergisi necə hesablanır?
Əvvəlcə gəlirdən qanunla çıxılmasına icazə verilən xərclər çıxılır. Qalan məbləğ 20 faizə vurulur:
Gəlir vergisi = (Gəlir − xərclər) × 20%
- MMC neçə faiz mənfəət vergisi ödəyir?
Ümumi qayda üzrə hüquqi şəxsin vergi tutulan mənfəətinə 20 faiz mənfəət vergisi tətbiq edilir.
- Mikro sahibkarın vergisi 5 faizdirmi?
Müəyyən şərtlər daxilində mənfəətin 75 faizi vergidən azad edildikdə qalan 25 faizə 20 faiz tətbiq olunur. Bu, riyazi olaraq mənfəətin 5 faizinə bərabərdir. Lakin güzəşt bütün mikro sahibkarlara avtomatik tətbiq edilmir.
- ƏDV neçə faizdir?
Azərbaycanda ümumi ƏDV dərəcəsi 18 faizdir.
- ƏDV daxil məbləğdən ƏDV necə çıxarılır?
Formula belədir:
ƏDV = Ümumi məbləğ × 18 ÷ 118
Məsələn, 590 AZN ƏDV daxil məbləğdə ƏDV:
590 × 18 ÷ 118 = 90 AZN
ƏDV-siz qiymət 500 AZN-dir.
- ƏDV qeydiyyat həddi nə qədərdir?
Ümumi qayda üzrə ardıcıl 12 aylıq vergi tutulan dövriyyə 200 000 AZN-dən artıq olduqda məcburi ƏDV qeydiyyatı yarana bilər. 2026-cı ildən bəzi POS-terminal dövriyyələri hədd hesablanarkən 0,5 əmsalla nəzərə alınır.
- Fərdi sahibkar sosial sığorta ödəməlidirmi?
Bəli. 2026-cı ildən fərdi sahibkarın özünə görə aylıq MDSS ödənişi ümumi gəlirin 2 faizi əsasında, minimum 60 və maksimum 400 AZN həddində hesablanır.
- Fəaliyyət olmasa bəyannamə verilməlidirmi?
Vergi ödəyicisinin fəaliyyəti aktivdirsə, gəlir olmasa belə müvafiq vergi növü üzrə boş bəyannamə və ya hesabat öhdəliyi yarana bilər. Fəaliyyət faktiki aparılmırsa, fəaliyyətin rəsmi dayandırılması nəzərdən keçirilməlidir.
- Sahibkar mühasib tutmalıdırmı?
Kiçik və sadə fəaliyyətlərdə sahibkar bəzi hesabatları özü idarə edə bilər. Lakin işçi, ƏDV, idxal, xarici xidmət, çoxsaylı müqavilə və böyük dövriyyə olduqda peşəkar mühasibdən istifadə vergi riskini ciddi şəkildə azaldır.